Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Sen
2019
16:31
507

09
Sen
16:31



“Sahibkarın Baş Gömrük İdarəsində özünü yandırması yalandır”

Dövlət Gömrük Komitəsi Mədət Quluzadə adlı sahibkarın Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandırmağa cəhd etməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.  DGK-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, yayılan məlumatlar tamamilə yalandır və Bakı Baş Gömrük İdarəsinin qarşısında belə bir hadisə baş verməyib. 

Bildirilib ki, sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib.

Komitə sədri, eyni zamanda  sahibkarlarla da görüşüb, onların gömrük işinin təşkilinə dair fikir və təkliflərini dinləyib. Həmin əsnada Mədət Quluzadə adlı şəxs də Dövlət Gömrük Komitəsinin sədrinə yaxınlaşıb və onun da müraciətini dinləyən Komitə sədri Səfər Mehdiyev Mədət Quluzadəyə qanunvericiliyin tələblərini izah edib və bu tələblərə əməl etməyin vacibliyini diqqətə çatdırıb. 
     
Konkret olaraq Mədət Quluzadə adlı sahibkarın gömrüklə bağlı narazılığına gəlincə bildiririk ki, “Ulduz Elektron” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Quluzadə Mədət Pənah oğlunun Dövlət Gömrük Komitəsinə qarşı mətbuatda irəli sürdüyü ittihamlar həmin hüquqi şəxsin ünvanına 10.03.2013-cü il tarixdə İran İslam Respublikasından göndərilən yüklərin müşayiət sənədlərində çatışmazlıqlar aşkar olunduğundan gömrük orqanları tərəfindən saxlanılmış malların təhvil verilməsi tələbinə dair  iddianın təmin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının icrası ilə bağlıdır.

 Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən yuxarıda qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin hüquqi varisinin müəyyən edilməsi barədə Dövlət Gömrük Komitəsinə sorğu daxil olub. Dövlət Gömrük Komitəsinin 08.08.2019-cu il tarixli  məktubu ilə sorğuya cavab verilib və sorğuda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Strukturu”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13.07.2018-ci il tarixli 201 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə 2018-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən struktur islahatların aparılması, Astara Gömrük İdarəsinin və digər gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsinin təşkil edilməsi və Astara gömrük postunun yeni yaradılmış Cənub Ərazi Baş Gömrük İdarəsinin tərkibində struktur bölmə olmaqla Astara Gömrük İdarəsinin hüquqi varisi hesab edilməməsi qeyd olunub.

Lakin bütün bunlara baxmayaraq Ədliyyə Nazirliyi tərəfindən Astara Gömrük İdarəsinin hüquqi varisi müəyyən edildikdən və bu barədə Dövlət Gömrük Komitəsinə müvafiq icra sənədi daxil olduqdan sonra sözügedən məhkəmə qərarının icrası istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri tədbirlər görüləcək və bu haqda Mədət Quluzadəyə ətraflı məlumat verilib.

Vətəndaş tərəfindən qaldırılan ikinci məsələyə gəlincə isə qeyd edək ki, “Ulduz-Elektron” MMC tərəfindən İran İslam Respublikasından altı yük nəqliyyat vasitəsi ilə idxal olunan 150790 kiloqram çəkidə, gömrük dəyəri 36960.50 manat təşkil edən 8462 m2 ölçüdə “Sorena” markalı keramik plitələr (kafel) yükünə dair 27.08.2019-cu il tarixdə 01191000241511 nömrəli gömrük bəyannaməsi təqdim olunub. Bəyannamədə göstərilən məlumatların yoxlanılması zamanı idxal olunan yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodunun bəyannaməçi tərəfindən düzgün bəyan olunmaması aşkar edilib.

 “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli qərarına əsasən ölkə ərazisinə idxal olunan keramik plitələr 69-cu mal qrupunda təsnifləşdirilərək hər kvadrat metrinə görə 2 ABŞ dolları məbləğində idxal gömrük rüsumuna cəlb edilir.

Lakin, “Ulduz-Elektron” MMC tərəfindən idxal olunan yuxarıda göstərilən 8462 m2 ölçüdə keramik plitələr yükü xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə 69-cu mal qrupunda bəyan olunmaqla hər kvadrat metrinə görə 2 ABŞ dolları məbləğində idxal gömrük rüsumuna cəlb edilməli olduğu halda, 6815 99 0000 mal kodu ilə “daşdan və ya digər mineral maddələrdən məmulatlar” kimi bəyan olunub. Bununla da “Ulduz-Elektron” MMC tərəfindən 28405,54 manat məbləğində gömrük ödənişlərini ödəməkdən yayınma cəhdi aşkarlanıb. Onu da qeyd edək ki, kafel, metlax məhsulları beynəlxalq normalara uyğun olaraq bütün dünyada 69 mal qrupu altında kodlaşdırılıb.

Bununla yanaşı, Azərbaycana idxal olunan və ya respublika ərazisindən tranzit keçən eyni adda yüklərin sənədləri eyniləşdirilərkən müəyyən olunub ki, “Sorena” markalı keramik plitələr hər bir halda XİFMN-nin 69-cu qrupu üzrə keramik məmulatlara aid edilərək müvafiq qaydada rəsmiləşdirilib. Eyni zamanda, Komitənin məlumat bazasına əsasən digər idxalatçılar tərəfindən ölkə ərazisinə idxal olunan keramik plitələrin vətəndaş Mədət Quluzadənin iddia etdiyi kimi 6815 99 0000 kodu altında bəyan olunması faktı aşkarlanmayıb.

Yuxarıda qeyd olunanlar vətəndaş Quluzadə Mədət Pənah oğluna Bakı Baş Gömrük İdarəsi tərəfindən ətraflı şəkildə izah edilib, hətta yükü daşıyan avtonəqliyyat vasitələrinin boş dayanmasından yarana biləcək zərərin qarşısının alınması məqsədilə malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmin olunub. Lakin hər dəfə adıçəkilən vətəndaş müraciəti zamanı gömrük əməkdaşları ilə  kobud rəftar edib, qeyri-etik davranışlar nümayiş etdirib, malın fərqli üsulla istehsal olunmasını iddia edərək yükün keramik plitə kimi deyil, məhz daşdan və ya digər mineral maddələrdən məmulat kimi rəsmiləşdirilməsini israrla tələb edib. Vətəndaşın iddiasından da anlaşılan budur ki, onun əsas məqsədi qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərindən yayınmaq və daxili bazarda bu kimi malların ticarətində azad rəqabət mühitini pozmaqdır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az