XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



07 Avq
2022
08:00
458
07
Avq
08:00



Alim: "Aşurada qanvermə aksiyaları Kərbəla hadisəsinin fəlsəfəsinə tam uyğundur"

"Aşura günü qanvermə aksiyaları Kərbəla hadisəsinin fəlsəfəsinə tam uyğundur".

Bunu APA-ya açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev deyib.

O bildirib ki, milli və dini müxtəliflik əsasında təşəkkül tapmış ümumbəşəri mədəniyyətin formalaşmasında din amili xüsusi yer tutur: "Dinlər milli-mənəvi dəyərlərin bazisinin müəyyən edilməsində ən vacib ünsürlərdən biridir. Müasir dövrdə dinlər təkcə Tanrıya ibadət vasitəsi kimi deyil, eyni zamanda, müxtəlif hədəflərin həyata keçirilməsində də geniş istifadə olunur. Bu özünü həm ənənəvi dinlərin, müəyyən şəxslər tərəfindən yaradılan və cəmiyyətə din kimi təqdim olunan çoxsaylı hərəkat və cərəyanların timsalında biruzə verir. Hər bir cəmiyyətin, yaxud hər hansı bir mədəniyyətin formalaşmasında dinlər əsas element kimi çıxış edir. Dini dəyərlər fərdi və ictimai müstəvidə ali ideallar hesab edildiyindən ətraf aləmdə baş verənləri, insanların hadisələrə münasibətini müəyyənləşdirən normalar kimi qəbul olunur. Dövrümüzdə dinlər və dini düşüncə tərzi öz aktuallığını itirməmiş, əksinə qarşılıqlı ictimai münasibətlərin tənzimlənməsində başlıca bünövrə rolunu oynayır. XXI əsrin ilk illərindən dünyada baş verən proseslər, xüsusilə dini zəmində terrorun, radikallığın və ekstremizmin güclənməsi yeni yaranmış müstəqil dövlətlərin din sahəsində ardıcıl, effektiv və daha həssas siyasət həyata keçirmələrini zərurətə çevirib. Hazırkı dünyamızda beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyət, o cümlədən Yaxın Şərqdə cərəyan edən qanlı hadisələr bir daha sübut edir ki, dinə yalnız inanc, mənəviyyat və hüquq məsələsi kimi deyil, həm də dövlətin və cəmiyyətin təhlükəsizliyi və sabitliyi prizmasından yanaşmaq lazımdır”.

Alim əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri, milli-mənəvi, o cümlədən dini dəyərlərin qorunması və təbliği, eləcə də tarixi-dini abidələrin bərpası, tolerantlığın və dinlərarası dialoqun təşviq edilməsi sahəsində zəngin irsinin öyrənilməsi və düzgün təbliği Azərbaycanla yanaşı, digər ölkələr üçün də faydalı ola bilər: "Bununla yanaşı, sekulyar dövlətdə dinin yeri, eləcə də qloballaşma prosesinin getdikcə dərinləşdiyi hazırkı dövrdə milli adət-ənənələrin yaşadılması və mənəvi irsin mühafizəsi çağdaş dünyanın ən aktual məsələlərindən biri hesab olunur. Zaman keçdikcə sürətlənən qloballaşma prosesi sanki xalqların milli xüsusiyyətlərini və özünəməxsusluğunu əridərək ümumi dəyərlərə sahib vahid dünya cəmiyyəti formalaşdırır.

Bu gün Azərbaycanın sürətli inkişafını, uğurlu xarici və daxili siyasətini, o cümlədən dövlət-din münasibətlərinin effektiv tənzimlənməsini şərtləndirən başlıca iki amil mövcuddur. Birincisi, Heydər Əliyevin əsasını qoyduğu sağlam bünövrə, ikincisi, həmin sağlam bünövrə üzərində Ümummilli Liderimizin layiqli siyasi varisi Prezident İlham Əliyevin qurduğu uğurlu strategiyadır. Buna görə də, Azərbaycanın bütün sahələrdə həyata keçirdiyi siyasətin mahiyyətini, istiqamətini və perspektivlərini tam və dəqiq öyrənmək üçün respublikanın son 20 illik tarixinə bütöv nəzər yetirmək olduqca zəruri və vacibdir. Bu baxımdan dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunması və təbliği, eləcə də tolerantlıq və dinlərarası dialoq sahəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti dövlətçilik tariximizdə xüsusi yer tutur. Məhz bugünkü Azərbaycanı dini dözümlük, tolerantlıq mühiti səciyyələndirir. Ölkəmizdə müxtəlif dinlərə etiqad edən bir çox xalqın nümayəndələri qardaşlıq şəraitində yaşayırlar və qloballaşma dövründə ölkəmizdə olan bu cür mühit bütün dünyaya bir nümunədir. Bütün konfessiyalara dövlətimiz tərəfindən eyni səviyyədə münasibət, yüksək səviyyədə qorunan dini etiqad azadlığı və hər bir inanclının dini ayini sərbəst şəkildə icra etməsi dediklərimizə əyani sübutdur. Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda bütün dini mərasimlər zamanı müxtəlif konfessiyaların nümayəndələrinin bir arada iştirakı ənənəsi formalaşıb”.

Şərqşünas alim xatırladıb ki, bu günlərdə Kərbəla hadisəsinin astanasındayıq: "Kərbəla vaqiəsi ümumbəşəri bir hadisə olmaqla, irqindən, millətindən, dinindən və cinsindən asılı olmayaraq hər bir fərdin bəhrələnə biləcəyi bənzərsiz bir qəhrəmanlıq salnaməsidir. Xeyirlə şərin, haqla batilin tam çılpaqlığı ilə üz-üzə gəldiyi əzəli və əbədi mübarizənin kuliminasiya nöqtəsidir. Nə özündən əvvəl, nə də sonra bu hadisənin bənzəri və təkrarı olub. Məhz bu səbəbə görə üstündən on dörd əsr keçməsinə baxmayaraq həmişə aktualdır. Vətəndaş mədəniyyətinin formalaşmasında mənəvi amillərin, ilk növbədə dini dəyərlərin rolu danılmazdır. Azərbaycanın hər bir sakini əslində həm etnik, mədəni və dini identikliyin, həm də vətəndaş identikliyin daşıyıcısıdır. Hər bir cəmiyyətin gücü həm onun dini və milli müxtəlifliyində, həm də müxtəlifliyin vəhdətini təmin edən identiklik modellərinin formalaşmasındadır. Başqa bir ifadə ilə desək, insan hüquqları, o cümlədən dini etiqad azadlığı dövlət siyasətinin, Azərbaycan cəmiyyətinin birliyini təmin edən milli ideologiyanın mühüm tərkib hissələrindəndir”.

Alim deyib ki, Azərbaycanda ənənəvi dini dəyərlər sisteminin mühüm tərkib hissələrindən biri kimi Aşura gününün və Kərbəla şəhidlərinin yad edilməsi əslində Azərbaycan milli-dini identikliyini müəyyən edən əsas elementlərindən biridir. Bu iddianı isbat etmək üçün kifayət qədər maddi-mədəni, dini-mənəvi, o cümlədən hüquqi əsaslar var: "Bundan əlavə, vətənimizdə tarixən və müasir dövrdə Aşura və Kərbəla hadisəsinin qeyd edilməsi milli-dini müxtəlifliyin vəhdətini təmin edən bir funksiya kimi önə çıxıb. Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə Təzəpir məscidində Aşura günü ilə əlaqədar keçirilən mərasimdə iştirakı və çıxışı Kərbəla hadisəsinin Azərbaycan milli-mənəvi dəyərlərində xüsusi yer tutduğuna nişanədir. Ulu öndər Heydər Əliyevin həmin çıxışından bir parçanı xatırlayaq: "Hörmətli bacılar, qardaşlar! Azərbaycanın əziz övladları! Bu gün müsəlmanlar üçün matəm, Aşura günüdür. Bu gün biz dinimizə, adət-ənənələrimizə sadiq olaraq Təzəpir məscidinə toplaşmışıq və haqq-ədalət yolunda şəhid olan Həzrəti Hüseynin xatirəsini yad edirik. Bu münasibətlə mən sizə, bütün Azərbaycan müsəlmanlarına başsağlığı verirəm və hamınıza səbr diləyirəm... Bu gün biz haqq yolunda şəhidliyin müqəddəs olduğunu qeyd edirik. Xalqımız əsrlər boyu özünün yaşaması, torpağının qorunması, haqq, ədalət üçün şəhidlər vermişdir. Son illərdə də Azərbaycan xalqı şəhidlər verir. Vətən, torpaq yolunda şəhid olan hər bir Azərbaycan vətəndaşı, müsəlman əbədiyyətə qovuşub, necə ki, bizim müqəddəs imamlarımız əbədiyyətə qovuşublar. Ona görə də biz bu tarixi günü qeyd edərkən, eyni zamanda, şəhidlərin müqəddəsliyini qeyd edirik və onlara dua oxuyuruq...”

Alimin sözlərinə görə, Ulu öndər Heydər Əliyevin çıxışı zamanı Kərbəla hadisəsi və Aşura günü münasibəti ilə toxunduğu məqamlar olduqca əhəmiyyətlidir. Belə ki, Kərbəla hadisəsinin düzgün qavranılması və dərki vətən sevgisi və vətənin düşmənlərdən qorunması, milli-mənəvi dəyərlərə bağlılığı gücləndirə bilər: "Kərbəla hadisəsinin mövhumat və xurafat, eyni zamanda, təhriflərdən uzaq, sağlam düşüncələrə və müasir dövrə uyğunlaşan elmi-məntiqi əsaslara söykənərək yaşadılması vətəndaş cəmiyyətinə böyük faydalar verə bilər”.

Ölkəmizdə Aşura günü münasibəti ilə qanvermə aksiyalarının təşkilini nümunəvi hal kimi qiymtələndirən şərqşünas onu da qeyd edib ki, hər il olduğu kimi, Məhərrəm ayının 10-cu günü - Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilir: "Könüllü aksiyada iştirak etmək istəyən vətəndaşlar öncədən bəlli olan məntəqələrə gələrək, qan verə bilirlər ki, bu da qan çatışmazlığında əziyyət çəkən bir çox xəstələrin həyat tapmasına səbəb olur. Bu cür humanist aksiyalar dinimizin, elə Kərbəla hadisəsinin fəlsəfəsi ilə tam uyğunlaşır. Kərbəla faciəsi nə qədər dini bir hadisə olsa da, onun məntiqi mənası, ruhu yenidir, dünyəvi və bəşəri xüsusiyyətləri ilə ölməzdir. Burda əksini tapan şəhidlik eşqi, məslək və etiqad uğrunda mübarizə motivi həmişə aktualdır və heç vaxt öz mövqeyini itirmir. Ölkəmizdə mövcud olan unikal din-dövlət münasibətləri milli və dini birliyimizin möhkəmlənməsinə, yeni uğur və nailiyyətlərin əldə edilməsinə böyük töhfələr verəcəkdir”.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın







Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.