RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



13 Iyun
2019
20:43
714



Mehriban Əliyeva Yasamalda 11 saylı körpələr evi-uşaq bağçasında - FOTO

İyunun 13-də Bakının Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçası üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən yeni binanın açılışı olub.

XeberOxu.Az AZƏRTAC-a  istinasən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, 2 korpusdan ibarət 11 saylı körpələr evi-uşaq bağçası müasir tələblərə cavab vermədiyindən mövcud 150 yerlik binası sökülüb, onun yerində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tipli 200 yerlik körpələr evi-uşaq bağçası tikilib. Körpələr evi-uşaq bağçasının inşasına 2018-ci ilin mayında başlanılıb. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib.

Bildirilib ki, yeni binada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları, həmçinin digər otaqlar var. İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Məktəbəqədər təhsil müəssisəsində 6-sı Azərbaycan, 4-ü isə rusdilli bölmə olmaqla ümumilikdə 10 qrup fəaliyyət göstərəcək. Körpələr evi-uşaq bağçasında bir yaşdan 6 yaşadək 200 uşağın təlim-tərbiyəsi ilə 46 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq.

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyətlər kimi yetişmələri istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu işlərə Heydər Əliyev Fondunun töhfəsi də olduqca əhəmiyyətlidir.

On bir saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı da var. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.

İyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub.

XeberOxu.Az AZƏRTAC-a istinasən xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verdi.

Bildirildi ki, bu təhsil müəssisəsi 1940-cı ildə 1 nömrəli uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbə 1985-ci ildə Vaqif Mustafazadənin adı verilib. 1988-ci ildən isə 2 nömrəli uşaq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirib və burada əlavə şöbələr açılıb.

Qeyd edildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbini bir çox məşhurlar bitirib. Azərbaycanın Xalq artistləri Arif Məlikov, Aqşin Əlizadə, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, Kamil Cəlilov, Ağaverdi Paşayev və Azərbaycanın mədəniyyətinə böyük töhfələr vermiş bir çox sənətkarlar bu məktəbdə təhsil alıblar.

Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya ixtisasları, nəzəriyyə və tədris köməkçi fənləri ixtisası üzrə 385 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur.

Diqqətə çatdırıldı ki, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadə 1949-1956-cı illərdə məktəbin fortepiano şöbəsində təhsil alıb. Bu məktəbin şagirdləri müxtəlif respublika və beynəlxalq müsabiqələrdə, festivallarda uğurla iştirak edərək yüksək nəticələr əldə edirlər. Məktəbin yerləşdiyi bina indiyədək əsaslı təmir edilməyib.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 13-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni inşa olunan binasının açılışında iştirak edib.

XeberOxu.Az AZƏRTAC-a istinasən xəbər verir ki, “Ümid yeri” uşaq sığınacağının köhnə binası müasir tələblərə cavab vermədiyindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa olunub.

Birinci vitse-prezident Mehriban Əliyevaya binada yaradılan şəraitlə tanış oldu. Müəssisənin rəhbəri Nigar Mənsimova “Ümid yeri” uşaq sığınacağının fəaliyyəti barədə Mehriban Əliyevaya məlumat verdi.

Qeyd edildi ki, uşaq sığınacağı 1997-ci ildə təsis olunub. Burada 18 yaşınadək şəxslər məskunlaşır. Sığınacaqda qaldıqları müddətdə onlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, uşaqların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına dəstək göstərilir.

Müəssisədə sığınacaq sakinlərinin zövqlərinin formalaşması, istedad və bacarıqlarının inkişafı məqsədilə müxtəlif sənət sahələri - xalçaçılıq, rəssamlıq, əl işləri üzrə emalatxanalar yaradılıb.

Uşaqların iştirakı ilə yaradılan “Keçə” rəsm əsəri Heydər Əliyev Fondunun prezidentinə hədiyyə edildi.

İkimərtəbəli müəssisənin binası 53 yerlikdir. Yeni bina oğlanlar, qızlar və kiçik yaşlı uşaqlar üçün bölmələrin yaradılmasına imkan verib. Bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Uşaq sığınacağında yataq, sinif otaqları, informatika kabinetləri, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və əyləncə zonaları, yeməkxana yaradılıb.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva uşaq sığınacağının sakinləri ilə görüşərək onlarla söhbət etdi. On yaşlı Ömər Musayev yeni binada yaradılan şəraitin onların ürəyincə olduğunu söylədi. Dedi ki, burada təhsil almaq, asudə vaxtlarını maraqlı keçirmək üçün bütün imkanlar var. O, görülən işlərə görə sığınacaq sakinlərinin adından Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirdi. Uşaqların arzuları ilə maraqlanan Heydər Əliyev Fondunun prezidenti sığınacaq sakinlərinin yanına yenə də qonaq gələcəyini dedi. Mehriban Əliyeva qeyd etdi ki, indi bütün lazımi şəraitlə təmin olunan uşaqların əsas vəzifəsi yaxşı oxumaqdır. Müəssisənin balaca sakinləri Birinci vitse-prezidentə musiqiyə, rəsm çəkməyə həvəs göstərdiklərini söylədilər, mahnı ifa etdilər.

Heydər Əliyev Fondu uşaqlarla bağlı müxtəlif layihələr reallaşdırır. Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Fond paytaxtdakı uşaq müəssisələrinin sakinləri üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması məqsədilə mühüm layihələrə imza atır. Bu istiqamətdə görülən işlərdən biri də “Ümid yeri” uşaq sığınacağı üçün yeni binanın inşasıdır.

Binanın həyəti abadlaşdırılıb, yaşıllıq zonası salınıb.

Birinci vitse-prezident Mehriban Əliyeva “Ümid yeri” uşaq sığınacağına fəaliyyətində uğurlar arzuladı.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az