# EVDƏQAL
# EVDƏQAL



09 Mart
2020
21:24
2127

09
Mart
21:24



PP vitamininin çatışmazlığı "3 D" xəstəliyinə səbəb olur

PP vitamininə B3 vitamini, antipellaqra, nikotin turşusu və ya niasin də deyilir.

Nikotin turşu 1867-ci ildə nikotinin xromat turşusu ilə oksidləşməsi yolu ilə sintez edilib. Lakin həmin vaxt nikotin turşusunun vitamin funksiyasına malik olduğu məlum deyildi. 70 il sonra pellaqra xəstəliyinə müalicəvi təsir göstərən bioloji aktiv maddənin məhz nikotin turşusu olduğu eksperimental tədqiqat vasitəsilə sübut edilib. Təsir xüsusiyyətinə görə, PP vitamini adlanan bu maddə 1926-cı ilə maya göbələkciklərində, 1937-ci ildə qaraciyər ekstraktında tapılıb. Müasir təsəvvürlərə görə, antipellaqra amili, əslində, nikotinamiddir. Nikotin turşusu isə insan və heyvan orqanizmində nikotinamidə çevrildikdən sonra bioloji fəallıq əldə edir. Yəni, nikotin turşusunu PP vitamininin provitamini hesab etmək olar. Nikotinamid xlorid turşusu və ya natrium-hidroksid məhlulunda qaynadıldıqda amid qrupunu itirib nikotin turşusuna çevrilir. Nikotin turşusu ərzaq maddələrinin bişirilməsi, saxlanılması və konservləşdirilməsi zamanı öz sabitliyini ən yaxşı saxlayan vitaminlərdən biridir.

XeberOxu.Az-ın məlumatına görə,  Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib.

"B3 vitamini orqanizmdə gedən müxtəlif proseslərdə böyük rol oynayır, bəzi xəstəliklərin və pozulmaların müalicəsində dərman vasitəsi kimi istifadə olunur. Niasin sinir sisteminin və baş-beynin normal fəaliyyətini təmin edir, müxtəlif hormonların sintezində böyük rol oynayır, orqanizmdə gedən bütün maddələr mübadiləsi proseslərində iştirak edir. Nikotin turşusu ürək-damar sisteminə müsbət təsir edir, qan dövranı pozulmaları zamanı müalicəvi vasitə kimi istifadə olunur, həzm sisteminin normal fəaliyyətində böyük rol oynayır, qaraciyər, mədə və onikibarmaq bağırsağı xorası, enterokolit kimi xəstəliklərin müalicəsində istifadə olunur. Həmçinin digər B qrupu vitaminləri ilə birgə hemoqlobinin sintezində və eritrositlərin yaranmasında iştirak edir. Nikotin turşusu oynaqların sağlamlığını qoruyur və bu səbəbdən artritin müalicəsində istifadə olunur”, - deyə mütəxəssis bildirib.

C.Məhərrəmovun sözlərinə görə, PP vitamininin çox hissəsini qida maddələrinin tərkibindən əldə etmək olar: “Lakin insan və heyvan orqanizmində müəyyən miqdarda nikotin turşusu triptofandan sintez edilə bilər. Bu proses qaraciyərdə baş verir. Triptofandan sintez edilən nikotin turşusu bağırsaq mikroflorasının həyat fəaliyyəti məhsulları arasında da var. Beləliklə, PP vitamininin çatışmazlığı zamanı pellaqra xəstəliyi yaranır. Pellaqra xəstəliyi təkcə qidada nikotin turşusunun deyil, həm də triptofanın azalması nəticəsində yarana bilər. Pellaqra xəstəliyinə adətən qidalanmada qarğıdalıdan çox istifadə edilən ölkələrdə daha çox rast gəlinir. Bunun iki səbəbi var. Birincisi, qarğıdalı zülalının tərkibində triptofanamin turşusu olduqca azdır. Digər səbəb isə qarğıdalının tərkibində çoxlu miqdarda nikotinamid olsa da, həzm sisteminin onu mənimsəyə bilməməsidir. Çünki burada nikotinamid həzm sistemində parçalanmayan birləşmələr şəklində olur. Pellaqra xəstəliyinin 3 əsas klinik əlaməti var. Dəri örtüklərinin iltihabı – dermatit, ishal - diareya, mərkəzi sinir sisteminin pozulması ilə müşayiət olunan xroniki residivverici zədələnmələr – demensiya. Bu əlamətlərin hər üçünü ifadə edən terminlər “D” hərfi ilə başladığına görə pellaqraya “3 D” xəstəliyi də deyirlər”.

Universitetin şöbə müdiri bildirib ki, orta yaşlı insanlarda orqanizmin nikotin turşusuna gündəlik tələbatı 15-25 mikroqram, uşaqlarda 20 mikroqrama qədərdir. Nikotin turşusu ət, qaraciyər, qara çörək, balıq, paxlalı bitkilər, qarabaşaqda, o cümlədən süd və yumurtada cüzi miqdarda olur.

Qarğıdalıdan ərzaq maddəsi kimi çox istifadə edilən ölkələrdə pellaqra xəstəliyinin profilaktikası üçün qarğıdalını bişirməzdən əvvəl əhəng suyu ilə isladılmasının böyük əhəmiyyəti var. Çünki bu zaman qarğıdalının tərkibində birləşmiş vəziyyətdə olan nikotin turşusu sərbəst hala keçir və bağırsaqdan asanlıqla sorulur. Odur ki, qarğıdalıdan uzunmüddətli və davamlı istifadə zamanı bu kimi nüanslar mütləq şəkildə nəzərə alınmalı və ya ondan fasilələrlə istifadə edilməlidir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.