Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
14:47
266

14
Yan
14:47



Vüsal Qasımlı: Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Trend-ə müsahibəsində müşavirədən irəli gələn vəzifələri şərh edib.

- 2019-cu ilin iqtisadi yekunlarını ümumi olaraq necə qiymətləndirirsiniz?

- Ən böyük uğurumuz cənab Prezidentin rəhbərliyilə ölkədə yaradılmış ictimai-siyasi sabitlik, makroiqtisadi stabillik, sosial rifah və dayanıqlı iqtisadi artımdır. Hazırda Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri arasındadır. Ölkənin 51 milyard ABŞ dolları olan strateji valyuta ehtiyatları ÜDM-in 110 faizini təşkil etdiyi halda, xarici borcumuz ÜDM-in 17 faizinə bərabərdi. Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalımızı maliyyələşdirməyə kifayət edir. Həm tədiyyə, həm də icmal büdcə balansında profisit makroiqtisadi sabitliyimiz və davamlı inkişafımız üçün əsasdır. 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son beş ildə rekord həddə 2,2 faiz artıb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub. İqtisadi artımın drayverləri qeyri-neft sənayesi 14 faiz, bitkiçilik 10 faizdən artıq, informasiya və rabitə xidmətləri 15 faizdən artıq, turizm 11 faizdən artıq böyümüşdür. Təkcə turizmdən əldə olunan gəlir 4,3 milyard manata çatmaqla qeyri-neft əmtəə ixracından 35 faiz çoxdur. 2019-cu ildə Azərbaycanda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışının ölkə iqtisadiyyatına təsiri 309 milyon dollar olmuşdur.

Biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir.

Azərbaycan sosial rifah dövlətinə çevrilmişdir. Çünki iqtisadiyyatın və büdcənin artan imkanları əhalinin rifahının yaxşılaşmasına yönəlmişdir. Azərbaycan əvvəlcə BMT-nin Minilliyin İnkişafı, indi isə Dayanıqlı inkişaf məqsədlərinə uğurla nail olur. 2019-cu ildə həyata keçirilən sosial paket 4,2 milyon nəfəri əhatə etmişdir, bu məqsədlə 2,3 milyard manat sərf edilmişdir. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın da birbaşa iştirakı ilə həyata keçirilən sosial islahatlar Azərbaycan dövlətinin fövqündə vətəndaşımızın dayandığını bir daha təsdiqləyir.

Vergi-gömrük islahatları və “kölgə iqtisadiyyatı” ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanın kredit reytinqini “Moody’s” sabit “Ba2” səviyyəsində müəyyənləşdirmiş, “Fitch” isə bu reytinqi təsdiqləmişdir. Keçən il Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib.

2019-cu ildə islahatlar bütün istiqamətlərdə getdi: iqtisadi, sosial, idarəetmə və kadr islahatları. Azərbaycanın müstəqillik tarixində ən irimiqyaslı islahatlar 2019-cu ildə baş tutmuşdur.

- 2019-cu ildə fiskal dayanıqlılıq baxımından nə ilə yadda qaldı?

- 2019-cu ilin büdcəsinin əsas xüsusiyyəti ondadır ki, gəlirlər 4,5 faiz çox, xərclər isə 3 faiz az icra olunmaqla büdcə kəsiri proqnozdan 10 faiz kiçik olub. Bu nailiyyət Prezidentin rəhbərliyi ilə fiskal institutların gücləndirilməsi, vergi və gömrük islahatları, o cümlədən sosial sığorta haqlarının yığılması istiqamətində atılmış addımlar hesabına mümkün olmuşdur. Məhz bunun nəticəsidir ki, 2,3 milyard manatlıq sosial islahat paketi manatın məzənnəsinə və inflyasiyaya təzyiq göstərmədi.

İcmal büdcənin də gəlirləri 15,7 faiz çox, xərcləri isə 3 faiz az icra edilməklə 7,3 milyard manatlıq profisit yaranmışdır. İcmal büdcənin profisiti dövlətin strateji valyuta ehtiyatlarının artımını şərtləndirir. Profisitin yaranmasında qeyri-neft sektorundan gəlirlərin artması, neftin qiymətinin proqnozdan 5 dollar çox olması, Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlərin çoxalması rol oynayıb.

Cənab Prezident həm də dövlət borcunun idarəedilməsi ilə bağlı tapşırıq verdi. Yeni borclar yalnız texnoloji layihələr üçün alına bilər ki, bu da məhsuldarlığın artırlmasına xidmət edəcək. Eyni zamanda nisbətən yüksək faizlə götürülmüş borclar aşağı faizlə götürüləcək borclarla əvəzlənəcək.

Büdcə qaydaları,

ortamüddətli xərclər çərçivəsi, dövlətin borc strategiyası, vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ standartların tətbiqi, fiskal intizamın artırılması və digər fiskal institutlar bütövlükdə fiskal dayanıqlılığı artırır.

- Müşavirədə də qeyd olunduğu kimi, ötən il manatın sabitliyi və inflyasiyanın aşağı həddə qalması mümkün olmuşdur. Bu nə ilə bağlıdır?

- Ötən il əksinə manatın möhkəmlənməsinə təzyiqlər və inflyasiyanın hədəfdən aşağı olması kimi trendlər sezilirdi. Çünki tədiyyə balansında profisit həm də yerli bazarda xarici valyuta təklifini artırmışdı. Burada fiskal məqsədlər üçün yerli bazarda satılan valyuta və qeyri-neft sektorununun artan ixracından əldə olunan valyuta əhəmiyyətli təsirə malikdir. Bu şəraitdə əmanət faizlərinin xarici valyutalara nisbətən manatla daha sərfəli olması da de-dollarlaşma şəklində manata tələbi artırmışdı. Dollarlaşma kreditlərdə 38 faizdən 35 faizə, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Sosial islahat paketinin çərçivəsində əhalinin gəlirlərinin artması və istehlak kreditlərinin 20 faizdən də çox böyüməsi manatın məzənnəsinin sabitliyini poza bilməmişdir. Ümumilikdə, manatla pul bazasının 2019-cu ildə 24 faiz artması manatın məzənnəsini ucuzlaşdırmadı. Çünki fiskal stimulların təsirini kompensasiya etmək üçün Mərkəzi Bank və Maliyyə Nazirliyi sterilizasiya tədbirlərindən istifadə etmişdir və 700 milyon dollar valyutanı bazardan yığmışdır. Eyni zamanda isə qeyri-neft sektoru böyümüş və qeyri-neft sektorundan büdcə daxilolmaları da artmışdır ki, bu da manata cilovlayıcı təsir etmişdir.

Mәrkәzi Bank həm də 2019-cu ildә uçot dәrәcәsini mәrhәlәlәrlә 9.75%-dәn 7.5%-ә endirmәklə manatın məzənnəsini yumşaltmışdır. Göründüyü kimi manatın məzənnəsinə təsir edən azaldıcı və artırıcı vasitələr elə tənzimlənmişdir ki, milli valyuta sabitliyini qorumuşdur.

Nağdsız dövriyyənin artması, rəqəmsal ödənişlərin genişlənməsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə, qiymətli kağızlar bazarının həcminin böyüməsi Mərkəzi Banka və hökümətə manatın məzənnəsi və inflyasiyanın tənzimlənməsi üçün daha geniş imkanlar verir. Xüsusən də, Mərkəzi Bankın transmissiya imkanları artır.

Azәrbaycandakı inflyasiyanın ticarәt tәrәfdaşı olan ölkәlәrdәki orta inflyasiyadan әhәmiyyәtli aşağı olması manatın real effektiv mәzәnnәsinә azaldıcı tәsir göstәrmәklә rәqabәt qabiliyyәtini dәstәklәmişdir.

2019-cu ildə dә faizlәrin enmәsinә baxmayaraq, Mərkəzi Bankın keçirdiyi hәrraclarda tәlәbin tәklifi әhәmiyyәtli üstәlәmәsi bank sisteminin likvidlik mövqeyindә irihәcmli struktur profisitinin qaldığını göstәrir. Məhz bu likvidlik istehlakın deyil, daha çox real sektorun inkişafı üçün maliyyə qaynağı sayıla bilər. Nəzərə alsaq ki, ötən il kredit portfelində ev təsərrüfatlarının xüsusi çəkisi 50 faizi ötmüşdür. Bu məsələ Mərkəzi Bankın və hökümətin qarşısında qoyulmuş əsas vəzifədir. Ötən il banklara 2 milyard manatdan çox vəsait verilmişdir.

Tədiyyə balansında profisit nəticəsində yaranmış xarici valyuta artıqlığı pul bazasının genişlənməsinin təsirini kompensasiya edə bildi. Beləliklə, manatla pul bazası genişləndi, amma manatın dəyəri sabit qaldığına görə inflyasiya hədəf diapazonunda qaldı. Bu ildən tətbiq edilən büdcə qaydaları isə kontr-tsiklik büdcə siyasətinə keçidi təmin edir ki, bu da manata fiskal təzyiqi azaldır.

- 2019-cu il həm də qeyri-neft ixracı üçün uğurlu il olub?

- 2019-cu il ümumilikdə ixracatımız üçün uğurlu olub və gömrük məlumatlarının təhlili göstərir ki, ötən il ölkəmizdən 19,6 milyard ABŞ dolları dəyərində ixrac həyata keçirilib. Nəticədə ticarət dövriyyəsində 6 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Xüsusən də aparılan uğurlu islahatlar nəticəsində nəinki 2019-cu il, ondan əvvəlki illər də qeyri-neft ixracı üçün uğurlu olub. Belə ki, 2017-ci ildə qeyri-neft ixracımız 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-cu ildə isə 14 faiz artıb. 2019-cu ildə qeyri-neft ixracımız 2 milyard ABŞ dollarına yaxınlaşıb. Bu isə həm də onu göstərir ki, strateji yol xəritələrinin 2025-ci ildə qeyri-neft ixracını adambaşına 450 ABŞ dollarına çatdırmaq hədəfinə nail olmaq istiqamətində ciddi irəliləyişlər var. Yəni qeyri-neft ixracının artması istiqamətində görülən kompleks tədbirlər, xüsusən də ticarət nümayəndəliklərinin yaradılması, ticarət və şərab evlərinin, ixrac missiyalarının təşkili, Azexport.az portalının, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti bu artımda rol oynayır. Nəzərinizə çatdırım ki, son 3 ildə Azexport.az portalına dünyanın 141 ölkəsindən 1,6 milyard ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. Hazırda qeyri-neft sektoruna aid mallarımız əsasən Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana, Ukraynaya ixrac olunsa da, ixracın coğrafiyası da genişlənir. Həmçinin son illər ixracın əmtəə strukturunda da müsbət dəyişiklər baş verir. 2019-cu ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor, qızıl, fındıq ləpəsi, pambıq mahlıcı, xurma, elektrik enerjisi, metanol (metil spirti), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, ilkin formalı polipropilen önə çıxıb. Məhz cənab Prezidentin təşəbbüsü ilə “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodlarının açılması, yeni elektrik stansiyalarının tikilməsinin, pambıqçılığın, tütünçülüyün inkişafının dəstələnməsi özünü real ixracın artmasında göstərir. Təkcə bir faktı qeyd edim ki, pambıqçılığın inkişafına verilən dəstək nəticəsində 2019-cu ildə pambıq lifinin ixracı 54 faiz artaraq 124 milyon ABŞ dolları təşkil edib. Ümumiyyətlə, isə qeyri-neft ixracımızın artmasına kənd təsərrüfatı sektoru böyük töhfə verir.

- Kənd təsərrüfatı ilə bağlı maraqlı məqama toxudunuz. Keçən il kənd təsərrüfatı sektoru üzrə 7 faizlik artıma nail olunmasını necə qiymətləndirirsiniz?

- Aqrar sahədə mütərəqqi metodların, innovasiyaların tətbiqi sahəsində intensiv inkişafa nail olunması bu artımı şərtləndirir. Qeyd etdiyim kimi kənd təsərrüfatı həm qeyri-neft ixracının artması, həm də idxalının əvəzlənməsində mühüm rol oynayır. Diqqət yetirsəniz görərsiniz ki, müstəqillik illərində əhalimizin sayı davamlı olaraq artaraq 10 milyon nəfərə keçsə də, onun ərzaq təminatında hər hansı bir problem yoxdur. Azərbaycanda əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi hər il yaxşılaşır və hazırda ölkəmiz qlobal ərzaq təhlükəsizliyi indeksində 53-cü yerdə qərarlaşıb. Vəziyyətin daha aydın təsəvvür olunması üçün təkcə bir faktı nəzərə alaq ki, 2019-cu ildə dünyada ərzağın qiymətlərinin 12 faiz bahalaşması fonunda Azərbaycanda ərzağın qiymətində bahalaşma 4 faizdən az olub. Əgər ölkəmizdə kənd təsərrüfatında məhsul istehsalı artmasaydı dünya bazarındakı qiymət bahalaşmasından daha çox zərər çəkə bilərdik. Amma bizdə ərzaq məhsullarının qiymətlərində kəskin artımlar müşahidə olunmadı.

Bu isə bir daha onu göstərir ki, cənab Prezident tərəfindən aqrar siyasət çox düzgün müəyyənləşdirilib. Hazırda aqrar sektorda güclü olduğumuz sahələr üzrə ixtisaslaşmanı dərinləşdiririk, elektron kənd təsərrüfatı sistemini tətbiq etməklə şəffaflığı artırırıq. Bu ildən tətbiq olunan yeni subsidiya və aqrar sığorta mexanizmi də ixtisaslaşmanın dərinləşməsinə xidmət edir. Nəticədə 2020-ci və növbəti illərdə də kənd təsərrüfatında artım davam edəcəkdir. Biz qarışdakı illərdə kənd təsərrüfatında mövcud resurslarımızdan daha səmərəli istifadə etməklə məhsuldarlığın artırılması, intensiv inkişafa nail olunması hesabına əhalinin ərzaq təminatını daha da yaxşılaşdıracağıq. Digər tərəfdən ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının emalını dərinləşdirməklə həm əlavə dəyər və yeni iş yerləri yaradılacaq, həm də qeyri-neft ixracı artacaq.

- Ötən il istifadəyə verilən əsas obyektlər hansı olmuşdur?

- 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Azərbaycanın artan təbii qaz hasilatı Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstanın, Türkiyənin və Avropanın enerji təhlükəsizliyində rol oynayacaqdır. SOCAR Karbamid zavodu, SOCAR Polimer zavodu, “Qobu Park 2” yaşayış kompleksi, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, “Laçın” tankeri, “Azərxalça”nın filialları, Biyan Sənaye Mərkəzi və s. 2019-cu ildə istifadəyə verilən mühüm obyektlər oldu.

- Azərbaycanda inklüzivlik haqqında nə demək olar?

- İlkin bölgü zamanı insanlar üç cür aktivdən gəlir əldə edirlər: fiziki aktivlər (ev, obyekt və s.), maliyyə aktivləri (əmanət, qiymətli kağız və s.) və insan kapitalı (bacarıqlar, səriştə və s.). Məsələn, ötən il əhalinin əmanətləri 300 milyon manatdan çox artıb və həm də dövlət tərəfindən tam sığortalanıb. Bir də ki, dövlətimiz öz fondları vasitəsilə topladığı vəsaiti insanlarımıza maaş, pensiya, müavinat və başqa formalarda paylayır. İnklüzivlik də məhz aktivlərə bərabər çıxış imkanlarının olması və dövlət fondlarının ədalətli bölgüsü əsasında müəyyənləşir. Gəlilərin əhali təbəqələri arasında bölgüsünün ədalətliliyini ifadə edən Cini indeksinə görə Azərbaycan dünyada öncül mövqelərdədir. Dünya üzrə hesablamalar göstərir ki, Cini indeksinin 1 faiz azalması gündəlik 1 dollardan az qazanan yoxsulların gəlirinin 4 faiz artımı ilə nəticələnə bilər. Beləliklə, Azərbaycan öz imkanları daxilində inklüzivliyi təmin edib. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun hesablamalarına görə biz inkişaf etməkdə olan ölkələrin arasında inklüzivlik səviyyəsinə görə ilk üçlükdəyik. Azərbaycan onunla bir səviyyədə gəlirləri olan ölkələrlə müqayisədə daha aşağı Cini əmsalına malikdir və deməli, gəlirləri daha ədalətli bölür.

Asiya İnkişaf Bankının hesablamalarına görə 2001-2015-ci illərdə Azərbaycanda hər nəfərə düşən ÜDM həcmi illik 10,58 faiz artmaqla Cənubi Qafqaz və Mərkəzi Asiyada lider mövqeyə yüksəlmiş, inkişaf edən Asiya ölkələrinin orta göstəricisini (7,69 faiz) isə əhəmiyyətli üstələmişdir. Azərbaycan təkcə iqtisadi artımın yüksək tempi ilə deyil, həm də bu artımın yoxsulluğun azaldılmasına xidmət etməsi səviyyəsinə görə də qabaqcıl mövqelər qazanmışdır. Təsadüfi deyil ki, müqayisə olunan dövrdə nəinki Asiyada, hətta dünyada yoxsulluğu ən kəskin azaldan ölkələrdən biri də Azərbaycan olmuşdur. Təsəvvür edin ki, 2000-ci illərin əvvəlində bizdə hər iki nəfərdən biri yoxsul olduğu halda, indi bu göstərici 20-nin 1-ə nisbətindədir. Son 20 ildə Azərbaycanda təxminən 3,5 milyon nəfər yoxsulluqdan qurtulumuşdur. Yoxsulluğun azalması hesabına isə orta təbəqə güclənmişdir ki, bu da cəmiyyətin inklüzivliyini, tarazlığını və dayanıqlılığını təmin edir.

- İnsan kapitalı, əmək məhsuldarlığı və inklüzivlik arasında qarşılıqlı təsirlər var. Azərbaycanda bu sahədə hansı perspektivlər var?

- Əmək məhsuldarlığı üç yolla arta bilər: Birincisi, statik effektdir ki, zamanla işçi qüvvəsi az məhsuldar sahələrdən daha yüksək məhsuldar sahələrə keçir; İkincisi, dinamik effektdir ki, işçi qüvvəsi bir sahədən başqasına eyni zamanda keçir; Üçüncü halda isə daxili effekt yaranır, yəni sektorda kapital qoyuluşu, texnoloji təkmilləşmə və idarəetmənin yaxşılaşması hesabına əmək məhsuldarlığı artır. Azərbaycanda əmək məhsuldarlığının artmasında daha çox daxili effekt hiss olunur. Amma iqtisadiyyatın strukturu dəyişdikcə dinamik və statik effektin də güclənəcəyi gözlənilir.

Azərbaycanda 2019-cu ildə əmək haqqı artımı əmək məhsuldarlığının artımını orta hesabla dörd dəfə üstələdi. Bu fərqin “yumşaldılması” üçün də insan kapitalına davamlı sərmayə qoyulur. Elə əmək haqqının artımı həm də sonradan insan kapitalını daha da gücləndirməyə xidmət edir. Dünya Bankının və BMT İnkişaf Proqramının insan kapitalı və insan inkişafı indeksləri, həmçinin “Qlobal innovasiyalar hesabatı”, şagird bacarıqlarının qiymətləndirilməsi üzrə hesabatın (PİSA) və beynəlxalq olimpiada nəticələrinin təhlili göstərir ki, əldə etdiyimiz böyük nailiyyətlərə rəğmən insan kapitalının inkişafı istiqamətində görəcəyimiz işlər də var. Xüsusilə, “bacarıqlar iqtisadiyyatı” şəraitində insan kapitalının inkişafını şərtləndirən əsas sahə - təhsilin bütün səviyyələridir.

Azərbaycan Avropada əhalisi ən sürətlə artan ölkələrdəndir və bizdə pensiya yaşı da artır. Bu hesaba gənclərin əhalinin strukturunda payı 2/3-dən keçib, əmək qabiliyyətli yaşda əhali sürətlə artır, işçi qüvvəsinin təklifi çoxalır və yeni iş yerlərinə ehtiyac güclənir. Hansı ki, texnoloji transfer də insan əməyinə ehtiyacı azaldır. Azərbaycanda 2006-2015-ci illərdə həyata keçirilən məşğulluq strategiyası daha çox Skandinaviya (dövlət dəstəyilə iş yerlərinin açılması) və Amerika (məhsuldarlığı elə də yüksək olmayan sahələrdə iş yerlərinin dəstəklənməsi) modelləri üzrə həyata keçirilmişdir. “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” isə məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına imkan verən məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etməlidir. Yeni məşğulluq strategiyasında xüsusən qadınların və gənclərin məşğulluğunun gücləndirilməsi daha çox fayda verəcək. Məsələn, Banqladeş və Vyetnam kimi ölkələrin iqtisadi yüksəlişində məhz qadın işçi qüvvəsinin potensialından səmərəli istifadə olunub. Estoniyada isə innovativ inkişafın drayverləri Z-nəsli və minilliyin nəslidir. Dünya Bankının hesablamalarına görə təkcə gəlirlərdə gender paritetinə nail olmaqla insan kapitalını 18 faiz artırmaq mümkündür. BMT-nin hesablamalarına görə, Azərbaycan gender bərabərsizliyinə görə Cənubi Qafqazda ən yaxşı vəziyyətdədir ki, bu da davamlı inkişafa xidmət edir.

Eyni zamanda insan ömrünün 10 faiz artırılması ÜDM-in illik 0,3-0,4 faiz artmasını təmin edir. Yəni insan kapitalına qoyulan sərmayə böyük verimliliyə malikdir. 2019-cu ildə əhalimizin 42 faizini əhatə edən 2,3 milyard manatlıq sərmayə həm də insan kapitalına yatırım idi.

Azərbaycanda daha bir demoqrafik trend odur ki, pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək iki dəfə artacağı proqnozlaşdırılır ki, belədə pensiya sisteminin dayanıqlılığını təmin etməyin yolu məşğulluğun və məhsuldarlığın paralel artırılmasıdır. Sərmayəni cəlb etmək üçün ixtisaslı və ucuz işçi qüvvəsi – insan kapitalı da şərtdir.

- Azərbaycanda demoqrafik vəziyyəti regional konteksdə necə qiymətləndirirsiniz?

- Mən özüm vaxtilə Asiya İnkişaf Bankının iqtisadi inkişaf məsələləri üzrə məsləhətçisi olarkən hazırladığımız bir tədqiqat əsasında 2016-cı ilin göstəricilərinə uyğun bəzi demoqrafik meyilləri qeyd etmək istəyirəm. Azərbaycanda bir qadına düşən uşaqların sayı təxminən iki olmaqla, Cənubi Qafqazın digər iki ölkəsindən daha yuxarıdır və bu əhali artımı və gəncləşmə üçün yaxşı haldı. Təsadüfi deyil ki, Azərbaycanda orta yaş həddi 30,9 ildir və bu onu göstərir ki, bizim əhalimiz orta hesabla Ermənistandan 3,7 il, Gürcüstandan isə 7,1 il gəncdir. Amma digər tərəfdən ailədə uşaqların sayı artdıqca bu, qadın məşğulluğuna mənfi təsir edir.

Azərbaycanda 65 və daha yuxarı yaşı olanların əhalinin sayında xüsusi çəkisi 8,4 faiz olduğu halda, Ermənistanda bu göstərici 34,6 faiz və Gürcüstanda isə 38 faizdir. Digər iki qonşumuzda yaşlı əhalinin xüsusi çəkisinin çoxluğu fiskal dayanıqlılıq və iqtisadi səmərəlilik baxımından problemdi. Azərbaycanda əksinə 14 yaşadək olan uşaqların əhalinin sayında xüsusi çəkisi 24,4 faiz təşkil etməklə, digər Cənubi Qafqaz ölkələrini üstələyir.

Azərbaycanda daha bir müsbət demoqrafik göstərici ondan ibarətdir ki, xalis miqrasiya dərəcəsi sıfra bərabərdi, yəni immiqrantların (ölkəyə gələnlərin) və emiqrantların (ölkədən gedənlərin) say fərqinin əhaliyə olan nisbəti sıfra bərabərdi. Ermənistanda xalis miqrasiya dərəcəsi mənfi işarə ilə 5,7, Gürcüstanda isə 2,2-dir. Xalis miqrasiyanın tarazlı vəziyyətdə olması ölkəmizin vətəndaşlarının gələcəyə inamını göstərir.

Ermənistanın iqtisadi təhlükəsizliyi üçün bir məsələ də onun miqrantların göndərdikləri pul baratlarından asılılığıdır: 2011-2017-ci illərdə Ermənistan əhalisinin hər nəfərinə kumulyativ 3 min dollardan artıq təkcə Rusiyadakı miqrantlardan pul köçürmələri olmuşdur, Azərbaycan üçün bu göstərici dörd dəfə az - 800 dollardan da aşağıdır. Bir maraqlı faktı deyim ki, Ermənistan Cənubi Qafqaz və Mərkəzi Asiyada yeganə olkədir ki, emiqrantların tərkibində qadınlar çoxluq təşkil edir. Regionun ölkələrindən fərqli olaraq yalnız erməni emiqrantları ölkəni uzun müddətə tərk edir, digər ölkələrdə, o cümlədən Azərbaycanda emiqrantlar əsasən mövsümi işə gedirlər. Ümumiyyətlə, demoqrafik baxımdan Ermənistan “uğursuz millət”dir (failed nation).

Bir sözlə, Azərbaycanın Cənubi Qafqazda demoqrafik üstünlüyü şəksizdir: regionun əhalisinin 60 faizi bizim ölkəmizdədir, gənclər, əmək qabiliyyətli əhali və əsgəri qüvvə üzrə payımız daha yüksəkdir. 4-cü sənaye inqilabı şəraitində əsas kapitalın insan kapitalı olmasını nəzərə alaraq demək olar ki, Azərbaycanın regional liderliyi getdikcə güclənəcəkdir. Biz kəmiyyət üstünlüyümüzü, həm də keyfiyyət üstünlüyünə çevirməyi bacarmalıyıq. Xüsusən də “əmək qüvvəsi tələsi”nin mövcud olduğu aşağı məhsuldarlıqlı sahələrdən daha məhsuldar – xidmət və sənaye sahələrinə keçid təmin olunmalıdır. Bunun üçün insan kapitalına – xüsusən də təhsil və səhiyyəyə yatırımların daha da genişlənməsi və idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində uğurlu siyasət aparılır. İnsan kapitalının inkişafı ölkəmizin rəqəmsal transformasiyasını, rəqabətqabiliyyətini və milli təhlükəsizliyini daha da gücləndirəcək.

- Emiqrasiya - ölkə vətəndaşlarının xaricə getməsinin iqtisadi təsirləri nədən ibarətdir?

- Əslində bizim region ölkələrindən belə yüksək səviyyədə emiqrasiyanın olması onu gösətirir ki, həmin ölkələrin mal və xidmət ixracı, eyni zamanda cəlb etdikləri sərmayə ölkənin tədiyyə balansını tarazlaşdıra bilmir. Belə olduqda iki yol qalır, ya əmək qüvvəsinin ixracını həyata keçirirsən, ya da ki, xarici borclanmaya gedirsən. Azərbaycan bu gün hər nəfərə düşən xarici borc, xarici sərmayə və strateji valyuta ehtiyatları baxımından regionda ən yaxşı vəziyyətdə olduğuna görə bizdə xalis miqrasiya əmsalı da daha əlverişli vəziyyətdədir. Məsələn, adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır. Azərbaycanda strateji valyuta ehtiyatları hər nəfərə 5 min dolları keçdiyi halda, nə Ermənistanda, nə də Gürcüstanda bu göstərici min dollara belə çatmır. Azərbaycan orta hesabla strateji valyuta ehtiyatlarının xarici borca nisbətinə görə Ermənistan və Gürcüstanı yeddi dəfə üstələyir. Emiqrasiya həm də iqtisadiyyatın güzgüsüdü, ölkənin iqtisadi imkanları zəiflədikcə xüsusən də əmək miqrantlarının sayı artır.

- Bu arada sual olunur ki, insan resurslarının artımının ÜDM-ə təsiri necə olacaq?

- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Maliyyə Proqramlaşdırılması əsasında aparılan hesablamalar göstərir ki, qarşıdakı 10 ildə əhalinin artımı potensial qeyri-neft ÜDM-ə illik 0,5 faiz və kapital qoyuluşu isə illik 1,5 faiz təsir edəcəkdir. Deməli, yüksək artım tempinə keçid üçün daha çox sərmayə cəlbinə ehtiyac var ki, bu da biznes mühiti, institutlar və insan kapitalının inkişafı ilə bərabər gedəcək.

- Qloballaşan dünyada əmək qüvvəsinə münasibət necə dəyişir?

Əmək qüvvəsi özü də qloballaşır – bu gün dünyada “gig economy” – “qoşqu iqtisadiyyatı” deyilən bir anlayış var. Artıq klassik mənada daimi iş yeri ilə yanaşı, həm də məsafədən və part-time işlər getdikcə aktuallaşır. Uber, Airbnb, Fiverr, Lyft, TaskRabbit, Postmates və Wonolob kimi şirkətlər buna yaxşı bir nümunədir. Frilanserlər bir ölkədə oturub başqa ölkələrdə xidmət göstərirlər. Əslində əmək bazarında rəqabət mühiti özlüyündə formalaşır. Hətta iri şirkətlər kimin hansı “diplomu” daşımasından daha çox, nəyi bacardığına fikir verirlər. Çünki keçdiyimiz iqtisadi model – “bacarıqlar iqtisadiyyatıdı.” Yəqin bizim atalar təsadüfi demirdi ki, “bacarana baş qurban”.

Bu gün Amazon, Etsy və ebay kimi platformalarda part-time və ya frilanser olaraq pul qazanmaq mümkündür. Hətta Azexport.az portalı “Amazonla qazan” təlimləri çərçivəsində praktiki satışların həyata keçirilməsi üçün təlimdə olan iştirakçılara Amazon hesabı və ABŞ bank hesabı açaraq plastik kartlar təqdim etdi. Bu gün Azexport.az həm də yaradıcı sənaye məhsullarının ixracı ilə məşğuldur. Enterpriseazerbaijan.com portalı isə Dövlət Məşğulluq Xidməti ilə birlikdə innovativ startapların özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində əməkdaşlığa başlayıb. Azərbaycanda əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması əmək bazarının təhlilinin aparılması, strateji məşğulluq sahələri və kadr tələbatı üzrə orta, eləcə də uzunmüddətli dövrü əhatə edən proqnozlaşdırma sisteminin yaradılmasını təmin edəcək. Düşünürəm ki, biz əmək resurslarımızın inkişafı və istiqamətlənməsini həm yerli, həm də beynəlxalq təmayüllər nəzərə alınmaqla həyata keçirməliyik. Yalnız yüksək ixtisaslı işçi qüvvəsi yüksək dəyər yarada bilər.

Qlobal dəyər zəncirlərinin mallardan xidmətə doğru dəyişməsi Azərbaycanın əmək bazarı üçün nəzərə alınmalı amildir. Belə ki, dünyada 2007-2017-ci illərdə ÜDM-in orta artım tempi məhsullar üzrə 2,5 faiz, xidmətlər üzrə 3,9 faiz olmuşdur. Bu təmayül qarşıdakı illərdə də saxlanılacaq. Xüsusilə, telekommunikasiya, informasiya texnologiyaları, biznes xidmətləri, maliyyə texnologiyaları, turizm və s. daha sürətlə inkişaf edir. Nəzərə almaq lazımdır ki, süni intellektin tətbiqi dünya əmək bazarında itkiləri çoxaldacaq, buna görə də ixtisaslı əmək qüvvəsi ilə rəqabətə hazır olmalıyıq.

- Cənab Prezident iqtisadi inkişafla bağlı hansı vəzifələri qarşıya qoymuşdur?

- Cənab Prezidentin iqtisadi siyasəti sistemli şəkildə - məhz strategiyalar, proqramlar, tədbirlər planları çərçivəsində həyata keçirirlir. Burada strateji idarəetmə ilə çevik və adaptiv yanaşma vəhdətdədir. Azərbaycan iqtisadi artım tempini getdikcə süətləndirir. Bunun üçün özəl sektorun drayver olduğu, innovativ, nəticələrindən bütün cəmiyyət üzvlərinin bəhrələndiyi inklüziv və dayanıqlı inkişaf təmin edilir. 2019-cu ildə Prezident Administrasiyası, Nazirlər Kabineti başda olmaqla icra hakimiyyətinin tam reformat olunması, həmçinin qanunverici və məhkəmə hakimiyyətinin islahatları ölkəni yeni dövrün dəyişikliklərinə tam hazır vəziyyətə gətirdi. Nəzərə alanda ki, NBER (ABŞ-ın İqtisadi Tədqiqatlar üzrə Milli Bürosu) iqtisadi tsikli 5,5 il qəbul edir, onda qarşıdakı müddətdə iqtisadi inkişaf xəttinin həyata keçirilməsi üçün zərgər dəqiqliyilə ölçülən vaxt və reformat olunmuş institutlar var.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşəcək







BŞBPİ sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi - Polis rüşvət almayıb







Publik hüquqi şəxslər dövlət büdcəsindən ayrılmış vəsaitləri təyinatı üzrə istifadə etməlidir







Hacıqabulda yük maşınında kişi meyiti tapıldı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.